İdman

07 Oktyabr

"Azərbaycan yığmasıyla matçda bəzi səhvlər etdik, amma..." - Kipr millisinin baş məşqçisi

"Bir neçə günə 3 oyun keçirəcəyik və bu zaman bizim üçün daha çətin olacaq. Hər üç görüşə hazır olmaq üçün əlimizdən gələni edəcəyik". 

Fins.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunu, Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə keçiriləcək matçlar barədə danışarkən deyib.

O, komandaya 8 yeni futbolçu çağırıldığını və bunun müsbət hal olduğunu bəyan edib: "Növbəti dəfə daha çox yeni oyunçu görmək istəyirəm. Milliyə gəldiyim ilk gündən 30 futbolçudan ibarət kollektivə sahib olmaq istədiyimi deyirəm. Çexiya kimi güclü komandaya qarşı oynayacağıq".

Baş məşqçi Millətlər Liqasının ilk iki turunda Monteneqroya 0:2, Azərbaycana isə 0:1 hesabı ilə uduzduqları görüşlər barədə də danışıb: "Oyunları təhlil etdim, bəzi səhvlər var idi. Amma müsbət məqamları da gördük. Nəzərə almalıyıq ki, komandada çox şeyi dəyişmişik. Futbolçular, texniki heyət, düşüncə və oyun tərzi dəyişib. Bütün bunlar çox rol oynayır. Hər şeydən əvvəl komandanın inkişaf etdiyini görmək istəyirəm".

Qeyd edək ki, bu gün Çexiyanı qəbul edəcək kiprlilər oktyabrın 10-da Lüksemburqun qonağı olacaq, 13-də isə Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq.