"Qarabağ" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Fins.az-ın məlumatına görə, bu, Polşa "Legiya"sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo "Drita"sını üstələyib - 2:0. Hər iki qol ilk yarıda vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. "Voyska Polskoqo" stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib.
"Legiya" - "Qarabağ" görüşü də elə bu arenada keçiriləcək. Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.