"Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb.
Fins.az xəbər verir ki, İstanbul klubu çarter reysi ilə Azərbaycana yollanıb. Saat 18.00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18.30-da isə komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.
Komandanın baş məşqçisi Fatih Terim hava limanında yerli jurnalistlərə qısa açıqlama verib. 67 yaşlı mütəxəssis bildirib ki, mərhələnin 1 oyundan ibarət olması rəqib üçün də yaxşı fürsətdir: "Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki bu oyunu kompensasiya etmək mümkün olmayacaq. Çox vacib oyuna çıxacağıq. Səhv istəmirəm".
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20.00-da başlayacaq.