İdman

20 Avqust

UEFA: Azərbaycanın mövqeyi dəyişdi

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqinda növbəti dəfə dəyişikliklər olub. 

Fins.az-ın məlumatına görə, qarşılaşmalardan sonra Azərbaycan iki pillə geriləyib. Ölkə 14,750 xalla 26-cı pillədə qərarlaşıb. 

Buna Norveçin "Molde" və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi səbəb olub. Onlar müvafiq olaraq Finlandiyanın “KuPS” (5:0) və Maltanın “Floriana” (2:0) komandalarına qalib gəliblər. 

Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb - 4:0. Ağdam təmsilçisi qələbə sayəsində ölkənin aktivinə 0,375 xal yazdırıb. 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. Bu komandalar arasında qarşılaşma avqustun 26-da saat 20:00 Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Növbəti həftə Azərbaycan təmsilçilərindən "Neftçi", "Sumqayıt" və "Keşlə" Avropa Liqasında mübarizəyə qoşulacaq.