İdman

29 İyul

Xavi Ernadez: Əsas hədəfim “Barselona”nın baş məşqçisi olmaqdır

Koronavirusa yoluxan Qətərin “Əl Saad” komandasının baş məşqçisi Xavi Ernadez özünü yaxşı hiss etdiyini və ev şəraitində müalicəsinə davam etdiyini açıqlayıb. O tezliklə gündəlik işinə qayıtmağı arzuladığını bildirib.

Fins.az xəbər verir ki, “Barselona”nın sabiq kapitanı haqqında gəzən xəbərlərə də münasibət bildirib: “Əsas hədəfimin “Barselona”nın baş məşqçisi olduğunu gizlətmirəm. “Barselona” mənim evimdir və arzularımın komandasıdır. Amma hər şeyin öz vaxtı var. Hazırda komandaya Kike Setyen rəhbərlik edir. Onun gördüyü işə qiymət vermək və hörmət etmək lazımdır. Klub bəzən çox yaxşı çıxış edir. Amma bəzən isə onlarda alınmır. Kike Setyenin oyun fəlsəfəsi mənim xoşuma gəlir. Düşünürəm ki, onun rəhbərliyi ilə komanda daha yaxşı oynaya bilər”.

Xavi Ernadez Lionel Messi haqqında da danışıb. O argentinalı ulduzun 2 il sonra Qətərədə keçiriləcək mundialda çıxış edəcəyindən söhbət açıb. Messi fiziki və texniki cəhətdən çox güclü futbolçudur. Düşünürəm ki, o istədiyi qədər futbol oynaya bilər. Onun 2 il sonra mundialda çıxış edəcəyinə şübhə etmirəm.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Xavi Ernadez klubun oyun baxımından rekordçusudur. O, Kataloniya klubunda 767 görüşdə meydana çıxıb və 85 qol vurub.