İdman

08 İyul

Azərbaycanda ilk dəfə keçirilən “PUBG Mobile” liqasının birinci dövrəsinə yekun vurulub

Gənclər və İdman, Müdafiə Sənayesi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiber İdman Federasiyasının və “Gaming League Azerbaijan”nin təşkilatçılığı ilə iyunun 26-da ölkəmizdə ilk dəfə start götürən “PUBG Mobile” liqasının birinci dövrəsinə yekun vurulub.

Fins.az xəbər verir ki, altı turdan sonra aktivinə 309 xal yazdırmağı bacaran “Khizi Mountains” kollektivi turnirin vahid lideridir. “Dağlıların” heyətində çıxış edən 16 yaşlı Fuad Səfərli isə artıq 48 dəfə rəqiblərini dəqiq nişan alaraq turnirin ən sərrast oyunçusu kimi fərqlənməyi bacarıb. Videbloqqer Əlixan Rəcəbovun komandası isə 69 xalla 12-ci sırada yer alıb.

Nə qədər maraqlı olsa da, ən çox “kill”, yəni, rəqib öldürmə sayı üzrə reytinqin cədvəlinin ikinci və üçüncü sıralarında “Kalbajar Wolves” komandasının iki üzvü qərarlaşıb. Komanda özü isə 241 xalla dördüncü pilləyə qədər yüksəlməyi bacarıb.

Bu oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” istifadəçilərə hərb işinin əsasları ilə yanaşı, resursların düzgün idarə edilməsini də öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da iştirakçını vaxtdan səmərəli istifadəyə vadar edir.

Liqanın qaydalarına əsasən komanda dörd nəfərdən ibarətdir. Reqlamentə əsasən iştirakçılar müxtəlif xəritələrdə və fərqli şərtlərlə 30 dəqiqə ərzində sağ qalmağa çalışırlar. İlk sıralarda yer alacaq kollektivlərə verilən xallardan əlavə “kill” sayına görə də xallar hesablanır.

Bu yarışın əsas məqsədi ölkəmizdə “PUBG Mobile” üzrə ən güclü komandaları və oyunçuları müəyyənləşdirmək, onları dünya arenasına çıxarmaq, eləcə də karantin günlərində gənclərin vaxtlarını daha səmərəli keçirmələrinə yardım etməkdir. Ümumi mükafat fondu 5 min manat olan turnirə iyulun 15-də yekun vurulacaq.