“Beşiktaş” futbol klubunun “Liverpul”dan icarəyə götürdüyü qapıçı Loris Karius “Instagram”dakı səhifəsində İstanbul təmsilçisi ilə müqaviləsinə xitam verildiyini açıqlayıb.
Fins.az xəbər verir ki, qapıçı “Instagram”dakı səhifəsində qeyd edib: “Bu gün “Beşiktaş” ilə müqaviləmə xitam verdim. Bu cür başa çatması utancvericidir. Amma bunu bilməlisiniz ki, çətinlikləri problem yaratmadan həll etməyə çalışdım. Aylar ərzində səbir etdim və rəhbərliklə mütəmadi müzakirələr apardım. Təəssüf ki, çətinliyi həll etməyə cəhd göstərmədilər”.
Azarkeşlərin onu daim dəstəklədiyini ifadə edən almaniyalı qapıçı bildirib: “Burada keçirdiyim vaxtdan zövq aldığımı bilməyinizi istəyirəm. “Beşiktaş” bu qədər coşqulu azarkeş dəstəyinə sahib olduğu üçün qürur duymalıdır. Məni xoş gündə də, çətin gündə də dəstəklədiniz. Sizi daim xatırlayacağam. Bütün komanda yoldaşlarıma, texniki heyətə, klub əməkdaşlarına təşəkkür edirəm. Gəldiyim ilk gündən bəri məni çox yaxşı qarşıladınız. Çox təşəkkürlər. Çempion “Beşiktaş”.
Xatırladaq ki, “Beşiktaş” klubu Loris Kariusu 2018-ci ilin avqustunda icarəyə götürmüşdü.