Əfsanəvi futbolçular - ingiltərəli Devid Bekhem və braziliyalı Ronaldo növbəti dəfə xeyriyyə matçı təşkil etməyi planlaşdırır.
Fins.az-ın məlumatına görə, bunu "Real"ın sabiq oyunçuları instaqramda canlı yayımda söhbət edərkən müzakirə ediblər.
Həm Bekhem, həm də Ronaldo koronavirus pandemiyası ilə mübarizədə çox çalışan həkimlərə dəstək olmaq məqsədilə ulduzlar arasında belə bir oyunun təşkilini nəzərdən keçirirlər. Bekhem keçmiş komanda yoldaşına məsələ ilə bağlı bunu deyib: "Həkimlər üçün bunu etməliyik. Hər gün başqalarının həyatını xilas etmək üçün çalışan insanlara maddi yardım etmək lazımdır".
Xeyriyyə matçında Bekhem və Ronaldonun komandalarından ibarət heyətlərin iştirakı gözlənilir. Digər variant isə onların sahib olduqları "İnter Mayami" ilə "Valyadolid" arasında yoldaşlıq görüşü təşkil etməkdir.
Qeyd edək ki, adıçəkilən iki futbolçu və "Real"ın baş məşqçisi Zinəddin Zidan indiyə qədər dəfələrlə xeyriyyə xarakterli oyunlar təşkil ediblər.