“Mən elmə hörmət edirəm, amma təslim ola bilmərəm. Biz çempionatı bərpa etmək üzərində işləyirik”.
Fins.az-ın məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.
Qurum başçısı bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan A seriyasını sona çatdırmaq fikrindən dönməyəcək: “İtaliya həyata qayıdansa, digər sferaların fəaliyyəti üçün münasib şərait olanda, futbol da qayıdacaq. Mən bunu indi və birdəfəlik deyirəm ki, çempionat sona çatdırılmalıdır, vaxtı çatıb. Hökumət, liqa, həkimlər... Biz hamımız birlikdə məsuliyyətli qərar verəcəyik. Bütün sistemimiz yenidən işə başlayacaq”.
Qravina çempionatın qalan oyunlarının eyni şəhərdə keçirilməsini istisna edib: “Oyunların ölkənin şimalından kənarda keçirilməsi mümkündür, amma eyni şəhərdə yox. Biz istirahət günlərində eyni meydanda 10 matç keçirə bilmərik. Bizə 20 idman qurğusu lazımdır”.