İdman

14 Aprel

Abdullah Avcı: "İngiltərə, İspaniya, Almaniya və Hollandiyaya üstünlük verəcəyəm"

"Yaşıl meydanlar üçün darıxmadığımı deyə bilmərəm. İstefadan sonra ilk günlərdə rahat olduqlarını söyləyənlərlə razılaşmıram. Peşənizi sevirsinizsə, belə fikirlər səsləndirmək düzgün deyil". 

Bunu Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçi postundan ayrıldıqdan sonra işsiz qalan Abdullah Avcı "Hürriyet"ə müsahibəsində deyib. Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizədlərdən olan 57 yaşlı mütəxəssis hazırda öz imkanlarını ölçüb-biçmək baxımından faydalı dönəm keçirdiyini bildirib: "Yaşadıqlarımı gözdən keçirirəm. Buna mentalitet və peşəkar anlamda yenilənmə prosesi də deyə bilərik. Fərqli formada dönəcəyəm, amma tələsmirəm. Öncə bu dövrü geridə qoymağımız lazımdır". 

Avcının fikrincə, uğura gedən yol xəyaldan və o xəyalı gerçəkləşməsi üçün çalışmaqdan keçir: "Enerjim ve gücüm imkan verdiyi müddətdə futbola xidmət etmək istəyirəm. Fərq etmir: yerli və ya xarici komanda olsun. Əlbəttə, həyatımda fərqli təcrübələrin yaşanmasını istərdim. Üstünlük vermək baxımından sıralama aparmamışam, amma bu, İngiltərə, İspaniya, Almaniya və Hollandiya sıralamasında ola bilər".

Qeyd edək ki, Abdullah Avcı karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub. O, "Beşiktaş"ı yanvarın 24-də tərk edib. Report