“Hazırda mən Liepaya şəhərində yaşayıram. Latviyada çölə çıxanda şəxsiyyət vəsiqəsi göstərmək və ya SMS göndərmək tələb olunmur. Azərbaycanda anam və bacım bu yolla küçəyə çıxdıqlarını deyirlər. Latviyada insanlar işlərinə rahat gedə bilir. Mən dəniz kənarında fərdi şəkildə məşq edirəm.
Latviyada futbol çempionatının nə vaxt başlayacağı isə bilinmir. Bu, mayda da, avqustda da ola bilər. Belarus çempionatına baxmaqdan bezmişəm. Belarusun “Neman”, “Slutsk”, “İsloç” kimi komandalarını artıq tanıyıram. Çempionatımız davam etsəydi, bütün dünya bizə baxardı”.
Fins.az xəbər verir ki, bunu Oxu.Az-a Latviyanın “Dauqavpils” klubunun azərbaycanlı futbolçusu Vüqar Əsgərov deyib. Latviya vətəndaşlığı almış millimizin sabiq futbolçusu Baltikyanı ölkədəki koronavirusla bağlı durumu izah etməyə çalışıb:
Sumqayıt doğumlu 34 yaşlı futbolçu ölkə çempionatının nə vaxt başlayacağı ilə bağlı bunları deyib:
“Komandamıza “Səbail” klubundan icarə əsasında gəlmiş Orxan Qurbanlı da daxil olmaqla, bütün legionerlər evlərinə göndərilib. Rusiya, Ukrayna, Qazaxıstan, Nigeriya və Qanadan olan əcnəbi futbolçular artıq vətənlərindədir. Hazırda hər bir futbolçuya klubdan fərdi məşq proqramı verilib və onun əsasında hazırlaşırıq. Çempionatımızın isə yayda başlayacağı və əvvəlki kimi dörd yox, iki və ya üç dövrə olacağını eşitmişəm”.
Qeyd edək ki, Baltikyanı ölkələr arasında Latviya virusa yoluxma baxımından ən yaxşı durumdadır. Estoniyada 1149 (21-i ölüb), Litvada 880 nəfər (15-i ölüb) koronavirusa yoluxub. Latviyada isə 548 yoluxma və cəmi bir ölüm faktı qeydə alınıb.