İdman

01 Aprel

Həbib – Ferqyuson döyüşü baş tutmaya bilər

"Hazırda mən Dağıstandayam. Kaliforniyada olanda mənə UFC-dən məlumat gəldi ki, döyüş Amerikada baş tutmayacaq və 99% ehtimalla BƏƏ-də – Əbu-Dabidə keçiriləcək. UFC ilə məsləhətləşərək, belə qərara gəldik ki, döyüşə bir ay qalmış BƏƏ-yə uçaq. Haradasa 19-20 martda. Ora uçan vaxt isə bizə deyildi ki, bu ölkənin sərhədləri bağlıdır və heç kim BƏƏ-yə gedə bilməz. Ona görə də, Rusiyaya qayıtdıq”.

Fins.az xəbər verir ki, bunu UFC döyüşçüsü Həbib Nurməhəmmədov “Instagram” hesabından açdığı canlı yayım zamanı deyib. O bildirib ki, aprelin 18-də Toni Ferqyusonla UFC kəmərini qorumaq üçün nəzərdə tutulan döyüşü baş tutmaya bilər.

Buna səbəb Həbibin Rusiyadan çıxa bilməməsidir:

“Bütün dünya karantin elan edib. İndi mən döyüş üçün səfərə çıxa bilmərəm, amma yenə də hazırlaşıram. Əgər səfərə çıxmaq imkanım olsa, istənilən yerdə, istənilən vaxt döyüşməyə hazıram”.

Onun sözlərinə görə, UFC artıq Toni Ferqyusona rəqib kimi başqa namizəd axtarışındadır: 

“Hər yerdə sərhədlər bağlıdır. İndi mənə belə bir informasiya da gəlib ki, UFC turniri ABŞ-da – ştatlardan birində keçirəcək. Mən isə indi sərhədlər bağlı olduğundan, Rusiyadan çıxa bilmərəm. İndi söhbət gedir ki, döyüş mənsiz keçirilsin. Mən buna qarşı deyiləm. Qoy bunu qanunlar üzrə etsinlər. Başa düşürəm ki, döyüşçülərə də pul qazanmaq üçün döyüşmək lazımdır. Toni ABŞ-dadır. Bildiyim qədərilə onun rəqibi başqa idmançı olacaq.

Mənim Rusiyada olmağım öz istəyim deyil. UFC-dən mənə deyilmişdi ki, bu döyüş ABŞ-da, hətta BƏƏ-də də olmasa, Atlantik okeanından kənarda baş verəcək. Biz UFC ilə hər şeyi müzakirə etmişdik. Həmin vaxt artıq mən Amerika Kikboksinq Akademiyasında beş həftə ağır məşq keçmişdim. İndi niyə o məşqləri keçdiyimi, niyə o qədər çəki atdığımı bilmirəm”

Qeyd edək ki, Toni Ferqyusonun yeni rəqibinin Castin Qeyci və ya Dastin Porye olacağı gözlənilir.