İdman

16 Mart

Hamı istirahətdə, "Qarabağ" isə hələ fəaliyyətini dayandırmayıb

"Qarabağ" futbol klubu koronavirus pandemiyası ilə əlaqədar hələ fəaliyyətini dayandırmayıb.

Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, komanda bu gün "Azersun Arena"da bir araya gəlib.

N.İbrahimov bildirib ki, heç bir legioner ölkəsinə yollanmayıb: "Hamı bir nəfər kimi komandadadır. Legionerlər də bu gün kollektivlə birlikdədirlər. Martın 13-də Premyer Liqada təxirəsalma qərarı verildikdən sonra hamının bu gün saat 13:00-a bazaya yığışması qərara alındı. Bütün əməkdaşlarımız hazırda işdədir. Məşqlər və klubun fəaliyyəti ilə bağlı isə qərar hələ qəbul olunmayıb".

"Qarabağ"dan fərqli, Premyer Liqanın digər təmsilçiləri məşqləri qeyri-müəyyən müddətədək təxirə salıblar.

"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, komandanın bütün üzvləri Bakıda olsalar da, məşqlər dayandırılıb: "Qeyri-müəyyənlik davam edir. Bu dövrdə hər hansı qərar vermək düzgün olmazdı. Biz də gözləmə mövqeyindəyik. Qəbul olunan qərarlara uyğun addımlar atacağıq. İndiki durumda isə bütün komanda istirahətdədir".

"Keşlə"də isə hər şeyə bu gün aydınlıq gələcək. Klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundov deyib ki, atılacaq növbəti addımlarla bağlı yekun qərar günün ikinci yarısından sonra veriləcək.

"Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" klublarından da məşqlərin dayandırıldığı, legionerlərin isə Bakıda olduqları bildirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyasına görə 15 mart - 15 aprel tarixləri arasında bütün idman tədbirləri təxirə salınıb.

© Report