İdman

03 Mart

Rəşad Sadıqov millinin baş məşqçisi olacaq?

Nikola Yurçeviçin gedişindən sonra Azərbaycan yığma komandasının baş məşqçi postuna namizədlərin müzakirəsi davam edir. Fins.az xəbər verir ki, əcnəbi baş məşqçilərin bu posta gələcəyi ehtimalları yüksək olsa da, son günlərdə Rəşad Sadıqovun adı daha çox gündəmdədir.

“Qarabağ”ın futbolçusu və U-21 yığmamızın sabiq çalışdırıcısı millimizin baş məşqçisi olmağa ən real namizəddir.

Təsadüfi deyil ki, son günlərdə yığma komandamızın üzvləri Ramil Şeydayev, Bəhlul Mustafazadə, Ağabala Ramazanov Sadıqovun bu posta uğurlu olacağına inandıqlarını dilə gətiriblər.

Bundan başqa, təcrübəli futbolçunun Elxan Məmmədovla görüşü də diqqət çəkdi. Bir neçə ay öncə U-21-in postundan qalmaqallı şəkildə ayrılan və baş katiblə münasibətləri gərginləşən futbolçunun baş katiblə görüşü boş yerə deyil. Məhz bundan sonra diqqət Rəşad Sadıqovun yığmanın “sükanı arxasına” keçə biləcəyi fikrinə yönəldi.

Üstəlik, yığmanın baş məşqçisi olmağa ən yaxın namizədlərdən Canni de Byazinin yüksək məvacib istəməsi də AFFA-nı Sadıqovun təyinatına yaxınlaşdırır. İtaliyalı mütəxəssisə 2 milyon dollar civarında maaş vermək federasiyanın planlarına daxil deyil.  Digər namizədlər isə heç də yüksək uğurlara malik deyillər. Bütün bu amillər Sadıqov üçün "yol açır".

Bu gün baş tutacaq Millətlər Liqasının püşkatmasından sonra komandamız rəqiblərini tanıyacaq. Millinin baş məşqçisinin də martın 10-a qədər müəyyənləşəcəyi ehtimal olunur.

© Qafqazinfo