İdman

02 Mart

Cəbrayıl Həsənov Budapeştdəki lisenziya turnirində olmayacaq – SƏBƏB

Sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov 19-22 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Olimpiadaya lisenziya verən Avropa təsnifat turnirini buraxacaq.

Bu barədə Olimpiya mükafatçımızın özü məlumat verib.

30 yaşlı idmançımız Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya təsnifat turniri vasitəsilə Olimpiadaya lisenziya qazanmağa çalışacağını bildirib:

“Mən, əslində, ötən ay İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında iştirak etməməli idim. Bildiyiniz kimi, o yarış Olimpiadaya lisenziya qazandırmırdı. Ancaq millinin kapitanı kimi oraya getməli idim. 79 kq çəki dərəcəsində yarışdım və bürünc medal qazandım.

Finala çıxmağıma ayağımda, xüsusən də boyun nahiyəmdə olan yırtıq mane oldu. Fənd edən kimi ağrı verir. Ona görə də müalicə götürməyi qərara aldım. Hazırda da müalicə alıram. Məhz bu səbəbdən komanda ilə Kislovodskdakı təlim-məşq toplanışında iştirak etmədim.

Təəssüf ki, mən Budapeştdəki turniri buraxacağam. Amma Sofiyada keçiriləcək turnirdə iştirak edəcəyəm. İnşallah, Bolqarıstanda Olimpiadaya vəsiqə qazanaram. Sofiyada 86 kq-da çıxış edəcəyəm”.

Qeyd edək ki, sərbəst güləş üzrə millimizin digər üzvü Hacımurad Hacıyev də Budapeştə gedə bilməyəcək. Gənclər arasında dünya çempionumuzun sağ qolu son qitə birinciliyinin 1/8 finalında İtaliyanı təmsil edən kubalı Frank Çamiso ilə görüşdə qırılıb.

İkiqat dünya çempionu, Olimpiya mükafatçısı dördüncü Avropa çempionluğuna gedən yoldakı görüşdə fənd edərkən, Dağıstandan olan legionerimiz döşəyə sağ qolu üstə düşüb.

Bu səbəbdən Hacımurad Hacıyevin 74 kq çəki dərəcəsində Azərbaycanı Olimpiadada təmsil etməyəcəyi dəqiqdir. Budapeştdə 74 kq-da Azərbaycanı Olimpiya və Avropa çempionumuz Toğrul Əsgərov təmsil edəcək. Avropa təsnifat turniri onun uzun fasilədən sonra ilk ciddi sınağı olacaq.

© Oxu