Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları baş tutacaq.
Fins.az-ın məlumatına görə, Fransa və İspaniyada mərhələnin ilk görüşlərindən daha 2-si gerçəkləşəcək.
İtaliyanın "Yuventus" klubu "Lion"un qonağı olacaq. Meydan sahibləri matça ciddi itkilərlə çıxacaqlar. Müdafiəçilər Rafael və Yussuf Kone, yarımmüdafiəçi Ren-Adelaid Jeff və hücumçu Memfis Depay zədəlidir. Turin klubunda isə zədədən sonra bərpa dövrünü keçən yarımmüdafiəçi Duqlas Kosta və Sami Xediranın qarşılaşmada iştirakı sual altındadır.
Günün digər matçında "Real Madrid" İngiltərə "Mançester Siti"sini qəbul edəcək. "Kral klubu"nda yarımmüdafiəçi Marko Asensio ilə hücumçu Eden Azar zədəlidir. "Şəhərlilər"də isə Leroy Sane və Rəhim Sterlinqin durumuna hələ aydınlıq gəlməyib.
Bu komandalar arasındakı cavab oyunları martın 18-da olacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
26 fevral
24:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniel Orsato (İtaliya)
"Santyaqo Bernabeu"
24:00. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)
Baş hakim: Jesus Gil Manzano (İspaniya)
"Olimpik Lion" stadionu
Qeyd edək ki, fevralın 25-də "Çelsi" İngiltərədə Almaniya "Bavariya"sına 0:3 hesabı ilə yenilib, "Napoli" İtaliyada İspaniya "Barselona"sı ilə bərabərə qalıb - 1:1. Ötən həftə isə "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"inə 0:1 hesabı ilə uduzub, "Atalanta" İtaliyada İspaniyada "Valensiya"sını darmadağın edib - 4:1. Bundan başqa, "Atletiko" İspaniyada İngiltərə "Liverpul"una 1:0, Almaniyanın "Borussiya" (Dortmund) komandası Fransa PSJ-sinə 2:1 hesabı ilə qalib gəlib.