İdman

25 Fevral

Rafael Ağayev Olimpiadaya vəsiqə qazanmaq üçün Avstriyaya gedir

Karateçilərimiz 28 fevral – 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirində mübarizə aparacaq. 

Fins.az xəbər verir ki, mövsümün üçüncü mərhələsində iştirak etmək üçün Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür. 

Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Şahin Atamov, Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) Azərbaycanı təmsil edəcək. 

Kata yarışlarına isə yalnız Roman Heydərov qatılacaq.

Zalsburqda Premyer Liqanı idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandıracaq.

Xatırladaq ki, İrina Zaretskaya ötən günlərdə Dubayda Karate1 Premyer Liqa turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı vaxtından əvvəl əldə edib. Rafael Ağayevin Olimpiadaya vəsiqə əldə etməsi üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.