İDMAN

21 Fevral

Millimizin yeni baş məşqçisi: Ümid edirəm ki, etimadı doğruldacağam

"Həm Miloş Velebit, həm də Məşqçilər Komitəsi mənim namizədliyimi irəli sürüb. AFFA rəhbərliyi də sağ olsun, onların təklifi ilə razılaşıb".

Bu sözləri açıqlamasında Azərbaycanın 16 yaşlılardan ibarət yığmasının yeni baş məşqçisi Aqil Nəbiyev təyinatı haqqında danışarkən deyib.

İki ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğul olan gənc mütəxəssis üzərinə məsuliyyətli iş götürdüyünü bildirib: "Milli komandada işləmək hər bir insan üçün şərəfdir. Yığmada oynamaq da mənə nəsib olub. Ümid edirəm ki, etimadı doğruldacağam. Bu il seçmə oyunlar olmadığından vaxtımız var. Gələn il üçün hazırlaşacağıq.

Artıq 5 aydır "Elit-məşq" layihəsindəyəm. Miloş Velebitlə bir yerdə çalışırıq. Bir neçə məşqçi ilə birlikdə bu layihəni yerinə yetiririk. Burada 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlarla çalışırıq. Bütün yaş qruplarından olan uşaqları tanıyır, kimin nəyə qadir olduğunu bilirik".

Nəbiyev işinin uğurlu olacağına ümid edir: "İki ilə yaxındır məşqçilik fəaliyyətinə başlamışam. İnanıram ki, uğurlu alınacaq. Milli komanda hamınındır. Ölkəni təmsil edir. Ümid edirəm ki, hamının dəstəyi ilə tək U-16 yox, bütün yığmalar yaxşı nəticə göstərəcək".

© Report