"Bütün dünyada azarkeşlər stadiona gözəl oyun izləməyə gəlirlər. Bunun üçün isə güclü rəqabət olmalıdır. Ötən tur "Sumqayıt" – "Sabah" oyununu stadiondan canlı izlədim. Orada hər oyuna 1500-2000 azarkeş gəlir. Hava soyuq olsa da, fanatların sayı kifayət qədər idi. Məğlubiyyət olanda azarkeş stadionu tərk etməməlidir".
Bunu I Divizionda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurasının üzvü Əfqan Talıbov yerli azarkeşlərin Azərbaycan çempionatının oyunlarına maraq göstərməməsi və stadionlara gəlməməsi barədə danışarkən deyib.
Veteran futbolçunun sözlərinə görə, Azərbaycan klubları daha da təkmilləşməli, Avropa səviyyəsinə yaxınlaşmalı, baxımlı oyun nümayiş etdirməlidir ki, azarkeşi stadiona qayıtmağa məcbur etsinlər: "Yerli futbolçularımıza, xüsusilə də gənclərə arzum budur ki, özləri üçün yox, komanda və matçı izləməyə gələn tərəfdarlardan ötrü oynasınlar".
Ə.Talıbovun fikrincə, klubların sayı, onlar arasında rəqabət artsa, bölgələrin də bu işə qoşulması ilə azarkeş sayını artırmaq olar: "Bakı klubları bölgə təmsilçiləri ilə oynayanda stadionda kifayət qədər azarkeş olur. Məsələn, o vaxt “Xəzər Lənkəran” və “Neftçi” arasındakı görüşlərdə 15-20 min fanat olurdu. Klublar özləri də bu işdə maraqlı olmalıdırlar. Son vaxtlar bölgə futboluna sərmayə yatırılır. Ümid edirəm ki, əyalət təmsilçilərinin Premyer Liqaya qayıdışı ilə azarkeş sayı da artacaq. Çünki azarkeşsiz oyunlar çox maraqsız görünür”.