İdman

17 Fevral

Mahir Emreli Azərbaycan çempionatında yubiley qolunu vurdu

Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb. 

 Peşəkar Futbol Liqasının rəsmi saytında bu barədə məlumat verilib.Bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir. 

İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub. 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atıb. 

Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.

Komandanın futbolçusu Mahir Emreli isə "Zirə" ilə görüşdə Premyer Liqada 40-cı qoluna imza atıb. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. O, Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib. Forvard Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. Emreli eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.

Qeyd edək ki, Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.

Mövsüm klub oyun qol
2014/15 Bakı 16 0
2015/16 Qarabağ 16 7
2016/17 Qarabağ 21 3
2017/18 Qarabağ 24 8
2018/19 Qarabağ 26 16
2019/20 Qarabağ 14 6
Cəmi 117 40

 

©Report