İDMAN

11 Fevral

Qarabağ-ın sabiq legionerindən xəbər var - FOTO

Qarabağ-ın sabiq legioneri Simeon Slavçev uzun fasilədən sonra Bolqarıstan millisinə çağırılıb.

Fins.az xəbər verir ki, yarımmüdafiəçi Belarusla yoldaşlıq görüşündə məşqçilər korpusunun sərəncamında olacaq.

Futbolçu fevralın 26-da Sofiyada baş tutacaq qarşılaşmada dönüşünü qeyd edə biləcək. Bolqarıstan mətbuatı bunu Slavçevin 2 ay öncə Qarabağ-dan ayrılaraq, Levski-yə keçməsi ilə əlaqələndirib.

Həmkarlarımız Qarabağ-da oyun praktikasından əziyyət çəkdiyi üçün yığmadan ayrı düşən 27 yaşlı orta sahə oyunçusunun “Levski”yə üz tutmaqla, bu problemi yoluna qoymasını və baş məşqçi Georgi Dermendzevin diqqətini çəkməsini vurğulayıblar.

Slavçev 2018-ci ildən bu ilin əvvəlinə qədər Qarabağ-ın formasını geyinib. Sportinq-dən transfer olunan bolqarıstanlı Qurban Qurbanovun etimadını heç cür doğrulda bilmədi. Ona verilən şansı dəfələrlə qaçırdı.

Oyunu komandaya tərs gəldi. Özü də boşluğu doldurmağa can atmadı. Sanki öz “qab“ında olmadığını hiss etmişdi. Levski Slavçevə oynamaqdan ötrü lazım idi. Buna görə də daha çox qazandığı Ağdam təmsilçisini tərk etdi.