İDMAN

11 Fevral

Azərbaycanın güləşçisi Avropa çempionatının finalında

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.

Fins.az xəbər verir ki, ilk yarış günündə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisi ilə qarşılaşan Əzizli ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.

Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.

Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçi 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı ilə görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Süleymanov son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisi ilə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə çempionatının finalına vəsiqə qazanıb.

İslam Abbasov ilk mərhələdə yanvarda Fransa Qran-prisində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Abbasov belaruslu rəqibindən revanş alıb. O, 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macarıstanlı həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşəcək.

Sabah Şəriəti startda Ermənistan təmsilçisi ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda o, rumıniyalı rəqibinə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər sabah gündüz, medal qarşılaşmaları isə axşam seansında keçiriləcək.