İDMAN

10 Fevral

Joze Mourinyo imicini dəyişdirməsinin səbəbini açıqladı

"Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo saç düzümünü dəyişdirməsinin səbəbini açıqlayıb.

Fins.az xəbər verir ki, portuqaliyalı mütəxəssis saçlarından canını qurtarmaq üçün bu addımı atdığını bildirib. 57 yaşlı məşqçi deyib ki, hərdən xarici görünüşündə yeniliklər etməyi xoşlayır:

"Bəzən eksperiment aparmaq xoşuma gəlir. Hərdən soyuğu başınızda hiss etmək istəyirsiniz. Amma bu dəfə vəziyyət bir az fərqlidir. Yatmağa getdim, oyananda isə saçlarımın dəhşətli dərəcədə səliqəsiz göründüyünü gördüm. Daha bu barədə düşünməməyə qərar verdim və saçlarımı dibdən kəsdirdim. İstənilən halda, onların yenidən uzanacağına ümid edirəm".

Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında 25 turdan sonra 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. London klubunu Çempionlar Liqası zonasından cəmi 4 xal ayırır.