İDMAN

10 Fevral

Niderland və Belçika çempionatları birləşdirilir

Niderland və Belçika Futbol Federasiyaları dünya futboluna ciddi yenilik gətirməyə hazırlaşır.

Fins.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Kicker" nəşrinə açıqlamasında Belçikanın "Brügge" klubunun prezidenti Bart Verhaq deyib. 

Klub rəsmisi bildirib ki, Avropanın böyük "beşlik" liqaları - İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1 ilə rəqabətə girə biləcək ortaq çempionat təşkil etmək üçün danışıqlara start verilib.

"Bene Liqa" adlanacaq yeni çempionatda ümumilikdə 18 komanda iştirak edəcək. Bunların 10-u Niderlanddan, 8-i isə Belçikadan olacaq. Mövsümün sonunda son iki pilləni tutacaq klublar aşağı dəstəyə düşəcəklər. Onların əvəzinə isə iki ölkənin yerli çempionları yeni yaradılan liqaya vəsiqə qazanacaqlar.

Yeni layihədə əsas məqsəd teleyayım gəlirlərini artırıb, Avropanın 5 böyük çempionatı ilə rəqabətə qoşulmaqdır. Hazırda Belçika və Niderland çempionatlarının yayım gəliri təqribən 80 milyon avrodur. Hesablamalara görə, yeni çempionatın yaradılmasından sonra bu rəqəm 400 milyon avroya çatacaq.

Qeyd edək ki, Niderland və Belçika 2000-ci ildə futbol üzrə Avropa çempionatını da birlikdə təşkil etmişdi.