İngiltərənin "Çelsi" klubu sabiq baş məşqçisi Antonio Konte və onun köməkçilərinə 30 milyon avrodan artıq vəsait ödəyib.
Fins.az xəbər verir ki, bu məbləğ məşqçi heyətinin üzvlərinə ödəniş və məhkəmə xərclərindən ibarətdir. Beləliklə, 2004-cü ildə rusiyalı iş adamı Roman Abramoviçin klubu almasından sonra baş məşqçilərə üst-üstə 100 milyon avrodan çox kompensasiya ödənilib.
51 yaşlı italiyalı mütəxəssis 2016-cı ildə London klubunun baş məşqçisi olub, lakin 2018-ci ilin yayında vəzifədən göndərilib. Onun "Çelsi" ilə müqaviləsi daha bir il mövcud idi. Amma "zadəganlar" Premyer Liqanı 5-ci sırada bitirdiyi və Çempionlar Liqasına qatıla bilmədiyi üçün Konte ilə yollar ayrılıb. Onu hazırda İtaliya "Yuventus"una rəhbərlik edən digər italiyalı mütəxəssis Mauritsio Sarri əvəzləyib.
Qeyd edək ki, Antonio Konte hazırda ölkəsində "İnter"in baş məşqçisidir. "Çelsi" isə sabiq futbolçusu Frenk Lemparda həvalə olunub.