İdman

20 Dekabr

Azərbaycan Kuboku: “Sumqayıt” “Neftçi”ni, “Keşlə” “Qarabağ”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son cavab oyunu keçiriləcək.

Fins.az-ın məlumatına görə, əvvəlcə "Sumqayıt" və "Neftçi" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcək. 

Bu, iki komandanın kubokda dördüncü qarşılaşması olacaq. Ötən mövsüm flaqman evdəki ilk görüşündə 0:2 hesabı ilə uduzmuşdusa, bu dəfə minimal fərqlə yenilib - 0:1. Yenə mübarizəni dayandırmamasından ötrü "ağ-qaralar" cavab qarşılaşmasında ən azı 2 qol vuraraq qələbə qazanmalıdır.

İki komanda arasındakı görüşlərdə hər iki komanda səfərdə qalib gəlib, evdə oynayan tərəf isə qol vurmayıb. "Sumqayıt" 2, "Neftçi" 1 qələbə qazanıb. Topların nisbətində "gənclik şəhəri" təmsilçisi öndədir - 3:1.

Son qarşılaşmada isə "Keşlə" "ASCO Arena"da "Qarabağ"la görüşəcək. Bu, iki komanda arasında 11-ci oyun olacaq. Əvvəlki matçların 6-da Ağdam, 2-də paytaxt komandası qələbə qazanıb. Topların nisbətində əyalət təmsilçisi ikiqat öndədir - 12:6. Noyabrın 16-da keçirilmiş ilk matçda "Qarabağ" minimal hesabla qalib gəlib - 1:0. Keşlə" cavab oyununda azı 2 top fərqi ilə qələbə qazanmalıdır ki, yarımfinala adlaya blsin.

Qeyd edək ki, əvvəlki iki 1/4 final görüşlərindən "Zirə" və "Qəbələ" komandaları qalib ayrılıblar. İlk yarımfinalda bu klublar üz-üzə gələcəklər. Digər yarımfinal cütünün tərkibi isə bu gün mərhələ adlayan komandalardan ibarət olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab görüşləri

20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Kapital Bank Arena”

20:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“ASCO Arena”.