Elm

19 Fevral

“AzerGold” QSC-nin 5-ci Təqaüd Proqramı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 18-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində 2025-2026-cı tədris ili üzrə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilmiş növbəti Təqaüd Proqramı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Finss.az - Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini İlqar Cəlilov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, eləcə də ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İlqar Cəlilov qalibləri təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar diləyib.

Dağ-mədən sahəsinin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə investisiya baxımından perspektivli üç prioritet istiqamətdən biri kimi müəyyən edildiyini qeyd edən İ.Cəlilov vurğulayıb ki, bu sahədə insan kapitalının gücləndirilməsi, ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin istehsalat prosesinə inteqrasiyası strateji əhəmiyyət daşıyır və Təqaüd Proqramı da məhz bu məqsədlərə xidmət edir.

Proqram çərçivəsində bugünədək 47 nəfərin ali təhsil, 52 nəfər tələbənin isə peşə təhsili üzrə müsabiqə qalibi seçildiyi və onlardan 13 nəfərin Cəmiyyətdə işə qəbul edildiyi diqqətə çatdırılıb.

Təqaüd proqramlarını tələbələrin təhsil həyatına, onların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə kimi dəyərləndirən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafına əhəmiyyətli təsir göstərir. Nazir müavini vurğulayıb ki, dövlət şirkəti tərəfindən yaradılan bu imkanlar tələbələrin real iş mühitinə daha sürətli uyğunlaşmasına, nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara da yiyələnməsinə və gələcək karyeralarına daha hazırlıqlı başlamalarına şərait yaradır.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Agentliklə “AzerGold” arasında 2021-ci ildən qüvvədə olan əməkdaşlıq memorandumu çərçivəsində peşə təhsili istiqamətində ixtisaslı kadrların hazırlanmasına yönəlmiş birgə fəaliyyətin artıq konkret və ölçüləbilən nəticələr verməkdə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, istehsalat yönümlü təhsil modelinin tətbiqi, kurikulumların əmək bazarının tələblərinə uyğunlaşdırılması və sənaye tərəfdaşlığı mexanizmlərinin gücləndirilməsi bu əməkdaşlığın əsas uğur komponentlərini təşkil edir.

Ötən ilki Təqaüd Proqramının qalibi və hazırda dövlət şirkətində çalışan gənc geoloq Emin Zeynallı proqramın onun peşəkar inkişafında oynadığı roldan, eləcə də real iş mühitində qazandığı təcrübədən bəhs edərək öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Sonda Təqaüd proqramı qaliblərə təltifnamələr və xatirə hədiyyələri təqdim olunub.

 Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrindən “Geologiya”, “Dağ-mədən mühəndisliyi”, “Ekologiya”, “Metallurgiya” ixtisasları üzrə təhsil alan 9, peşə təhsili müəssisələrindən isə 15 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə qaliblərin hər biri üçün aylıq təqaüd ödəniləcək. Qaliblər şirkətin istehsalat sahələrində təcrübə keçmək imkanı əldə edəcək, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə praktiki bacarıqlarını gücləndirəcəklər. Onların gələcək karyera inkişafı üçün bütün zəruri təşkilati və metodiki şərait təmin olunacaq.