Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan "Qida Təhlükəsizliyi" adlı dərslik layihəsinin ilkin versiyasının müzakirəsi üçün müəlliflərlə onlayn formatda görüş keçirilib. Görüşdə Mərkəz tərəfdən icraçı direktorun müavini Ramil Hüseyn, Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı və layihənin koordinatoru Günay Rəhimli iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn layihənin ümumi məqsədləri və əhəmiyyəti barədə məlumat verib. O, dərsliyin qida təhlükəsizliyi sahəsindəki bilikləri geniş auditoriyaya çatdırmaq, eyni zamanda, mütəxəssislərin təliminə töhfə vermək məqsədini daşıdığını vurğulayıb və layihənin uğurla həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Müəlliflər ilkin versiyalar haqqında məlumat verib, qarşılaşdıqları çətinlikləri təqdim edərək layihənin keyfiyyətinin artırılması və yekun versiyanın etibarlılığının təmin edilməsi üçün təkliflər irəli sürüblər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da prosesə cəlb olunub və kitabın yazılmasına öz ekspertləri ilə töhfə verəcək.
Qida təhlükəsizliyi dərsliyinin məqsədi oxuculara bu sahədə nəzəri bilikləri praktiki nümunələrlə birləşdirərək təqdim etmək, eləcə də normativ çərçivələri, institusional yanaşmaları və texnoloji innovasiyaları əhatə etməkdir. Kitab xüsusən gənc mütəxəssislər və tədqiqatçılar üçün istiqamətverici bir vəsait olaraq nəzərdə tutulub.
Görüşdə qarşıya qoyulmuş məqsədlər təhlil edilib, layihənin təkmilləşdirilməsi istiqamətində atılacaq addımlar müəyyənləşdirilib. Həmçinin bu layihənin ölkənin qida təhlükəsizliyi sahəsinə əhəmiyyətli töhfə verəcəyi, etibarlı və istifadəyə yararlı fundamental bir mənbə olaraq akademik və praktiki sahələrdə geniş tətbiq olunacağı vurğulanıb.

