Elm

22 Dekabr

Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb

Finss.az - Humboldt mükafatına layiq görülmüş ilk azərbaycanlı alim, əməkdar elm xadimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri, dünyaşöhrətli alim professor Məsud Əfəndiyev AzMİU-nun doktorantları və gənc tədqiqatçı alimləri ilə görüş keçirib.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Nigar Aslanovanın da iştirak etdiyi iki günlük görüş çərçivəsində doktorantların və gənc alimlərin elmi-tədqiqat fəaliyyəti, beynəlxalq elmi inteqrasiya imkanları və qlobal elm arenasına çıxış mexanizmləri ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə gənc tədqiqatçıların elmi məqalələrinin “Web of Science” və “Scopus” kimi beynəlxalq indeksli, nüfuzlu elmi jurnallarda dərc olunması məsələləri xüsusi diqqət mərkəzində olub. Professor Məsud Əfəndiyev bu istiqamətdə şəxsi elmi təcrübəsini bölüşərək, məqalə yazılışı, resenziya prosesləri, elmi etik normalar və beynəlxalq akademik şəbəkələrə çıxış yolları barədə ətraflı tövsiyələr verib.

Dünya miqyasında tanınan alim eyni zamanda gənc tədqiqatçılar üçün mövcud olan beynəlxalq elmi-tədqiqat proqramları və qrant mexanizmləri barədə məlumat verib, konkret əlaqələr təqdim edib və gələcək əməkdaşlıq perspektivlərinə dair istiqamətlər göstərib.

Müzakirələr zamanı xüsusilə “Alexander von Humboldt” Fondu, DAAD (Alman Akademik Mübadilə Xidməti), “Horizon Europe və ERC” (European Research Council) proqramları, eləcə də digər beynəlxalq elmi-tədqiqat və innovasiya platformalarına çıxış imkanları geniş müzakirə olunub.

Görüş çərçivəsində qlobal elmi gündəmdə olan aktual elmi-tədqiqat istiqamətləri, multidissiplinar layihələr və beynəlxalq konsorsiumlarda iştirak imkanları da nəzərdən keçirilib.

Bu görüş AzMİU-da elmin inkişafı, gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası və universitetin qlobal elmi nüfuzunun daha da gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.