İqtisadi elmlər üzrə fəlsəfə doktoru Kənan Məmmədov və Zivər Zeynalovanın müəllifi olduğu "Qlobal İstehsalat Şəbəkələrində Logistika və Maliyyə Xidmətləri" adlı kitabın təqdimat mərasimi keçirilib.
Finss.az xəbər verir ki, mərasimdə tanınmış ictimaiyyət xadimləri, elm adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Müəllif Kənan Məmmədov bildirib ki, müasir dünyada iqtisadiyyat artıq ayrı-ayrı sahələrin mexaniki cəmi deyil, istehsal, logistika və maliyyə bir-birinə sıx bağlı, vahid və qarşılıqlı asılı bir sistem kimi fəaliyyət göstərir. Hazırda dünyada bir məhsulun istehsalı artıq tək bir zavodun və ya tək bir ölkənin sərhədləri daxilində baş verən sadə və xətti proses deyil. Müasir iqtisadi reallıqda istehsal qlobal miqyasda bir-biri ilə sıx əlaqəli mərhələlərdən ibarət mürəkkəb bir sistemə çevrilib. Bu mürəkkəb zəncirin fasiləsiz və səmərəli işləməsi yalnız güclü logistika sistemləri və düzgün qurulmuş maliyyə mexanizmləri hesabına mümkün olur.
Logistika məhsulun xammaldan son istehlakçıya qədər keçdiyi bütün yolu planlaşdırır, daşınmanın vaxtında, təhlükəsiz və optimal şəkildə həyata keçirilməsini təmin edir. Maliyyə xidmətləri isə istehsalın və ticarətin maliyyələşdirilməsini, risklərin bölüşdürülməsini və ödənişlərin vaxtında icrasını mümkün edir.
Nəticə etibarilə istehsal yalnız fiziki əməliyyatlar toplusu deyil, eyni zamanda koordinasiya, planlaşdırma və strateji idarəetmə tələb edən qlobal bir sistemə çevrilir. Kitabın əsas məqsədi qlobal istehsalat şəbəkələrinin mahiyyətini oxucuya aydın, ardıcıl və sistemli şəkildə çatdırmaqdır.
Təqdimat mərasimində qeyd olunub ki, dərs vəsiti oxuculara qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri haqqında zəruri məlumatları çatdıracaq və onların gələcək fəaliyyətlərində uğur qazanmasına kömək edəcək. Kitab tələbələr, tədqiqatçılar, menecerlər və qlobal istehsalat şəbəkələrində çalışan mütəxəssislər üçün dəyərli mənbəyə çevriləcək.
“Qlobal istehsalat şəbəkələrində logistika və maliyyə xidmətləri” kitabı müasir iqtisadi düşüncəyə sanballı və dəyərli töhfədir. Bu nəşr oxucuya yalnız “nə baş verir” sualına cavab vermir, həm də iqtisadi proseslərin arxasında dayanan səbəbləri və mexanizmləri açıqlayır.
Kitabın müəllifi Kənan Məmmədov uzun illər gömrük, logistika və ticarətin asanlaşdırılması sahəsində çalışmış, həm institusional, həm də əməliyyat təcrübəsinə malik mütəxəssisdir. Onun 20 ildən artıq müddətdə dövlət gömrük orqanlarında rəhbər vəzifələrdə çalışması və qlobal ticarət axınlarının təşkili bu kitabın praktiki mahiyyətini gücləndirir.
Hazırda isə müəllif logistika, təchizat zəncirinin optimallaşdırılması və strateji planlama sahəsində fəaliyyət göstərir, bu sahədəki təcrübəsi kitabın yalnız akademik deyil, eyni zamanda praktik qərarvermə üçün etibarlı istinad mənbəyi olmasını təmin edir.
















