Finss.az - Laboratoriyanın Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə verilməsi ölçmə vasitələrinin yoxlanılması prosesinin effektiv təşkilinə, xidmət keyfiyyətinin və ümumi metroloji nəzarət sisteminin səmərəliliyinin artırılmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti arasında ölçmələrin dəqiqliyinin və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarə edilməsi Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.
Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları, həmçinin sənaye müəssisələri tərəfindən istifadə olunan su sayğaclarının yoxlanılması işləri icra olunur. Bundan əlavə, su sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.
Təbii inhisar subyekti olan su təchizatını həyata keçirən müəssisə tərəfindən su sayğaclarının yoxlanılması fəaliyyətinin müstəqil tərəfə ötürülməsi rəqabət siyasəti baxımından mühüm əhəmiyyətə malikdir. Laboratoriyanın AzMİ-nin idarəetməsinə verilməsi həmçinin ölçmə vasitələrinin yoxlanılması prosesinin effektiv təşkilinə, xidmət keyfiyyətinin və ümumi metroloji nəzarət sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Ölçmələr zamanı düzgün nəticələrin əldə edilməsi isə məişət istehlakçıları və sahibkarların hüquq və mənafelərinin etibarlı müdafiəsinə, onlar arasında qarşılıqlı etimada əsaslanan mühitin formalaşmasına töhfə verəcək.
Qeyd: 2024-cü ildə “Azəriqaz” İB-yə məxsus Sayğacların müayinəsi laboratoriyası və “Azərişıq” ASC-nin Sayğacların test-təmir laboratoriyası Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə verilib.
