Elm

17 Dekabr

İİTKM “İnnovasiya ekosistemi və startaplar: Qlobal təcrübə və Azərbaycan reallığı” kitabının yazılması üçün müəlliflərə çağırış edir

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) innovasiya siyasəti, startap ekosistemi və bilik əsaslı iqtisadiyyat sahəsində analitik yanaşmalar təqdim edən yeni elmi-nəşrin hazırlanmasına başlayıb. “İnnovasiya ekosistemi və startaplar: Qlobal təcrübə və Azərbaycan reallığı” adlı nəşr İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının koordinasiyası ilə hazırlanır.

Nəşrin əsas məqsədi qlobal innovasiya ekosistemlərinin qabaqcıl təcrübələrini sistemli şəkildə təhlil etmək, həmin modellərin Azərbaycan reallığına uyğun tətbiqi üçün elmi əsaslandırılmış və praktik tövsiyələr formalaşdırmaqdır. Kitab innovasiya ekosistemi və startaplar mövzusunda fərqli auditoriyaları bir araya gətirən vahid mənbə kimi hazırlanır. Nəşr startapçılardan tutmuş siyasət formalaşdıran qurumlara qədər geniş oxucu kütləsinə qlobal təcrübə və yerli reallıqlar əsasında praktik baxış təqdim edir. Bu yanaşma kitabı innovasiya sahəsində aktual istinad mənbəyinə çevirir.

Kitab beynəlxalq və yerli auditoriya üçün nəzərdə tutulub. Əsas hədəf qrupları:

  • startap təsisçiləri və sahibkarlar;

  • dövlət qurumları və siyasət formalaşdıran institutlar;

  • universitetlər, tədqiqat mərkəzləri və innovasiya sahəsində çalışan mütəxəssislər;

  • investorlar, akselerasiya və inkubasiya proqramları;

  • innovasiya ekosisteminə maraq göstərən oxucular.

Kitabda aşağıdakı əsas istiqamətlər üzrə geniş analitik yanaşmalar təqdim olunacaq:

  • innovasiya ekosisteminin nəzəri çərçivəsi və qlobal modellər;

  • tədqiqat və inkişaf prosesləri, texnologiya transferi və “spin-off” mexanizmləri;

  • bilik transferi və bilik əsaslı iqtisadiyyatın potensialı;

  • startapların yaradılması və inkişafı üzrə proqramlar, metodologiyalar və praktiki alətlər;

  • innovasiya idarəetmə sistemləri, portfel menecmenti və ölçmə mexanizmləri;

  • Azərbaycanın innovasiya ekosisteminin institusional və müqayisəli təhlili;

  • hüquqi və tənzimləyici çərçivə;

  • yerli startapların təcrübələri, uğur nümunələri və mövcud çağırışlar;

  • strateji tövsiyələr, yol xəritəsi və gələcək inkişaf perspektivləri.

Nəşrin innovasiya ekosisteminin inkişafında iştirak edən bütün maraqlı tərəflər üçün etibarlı istinad mənbəyinə çevriləcəyi gözlənilir. Kitab həm nəzəri yanaşmalar, həm də praktiki tətbiqlər vasitəsilə ölkədə innovasiya siyasətinin daha sistemli və nəticəyönümlü şəkildə formalaşdırılmasına töhfə verməyi hədəfləyir.

Kitabın hazırlanması prosesinə dünyanın qabaqcıl innovasiya ekosistemlərini təmsil edən alim və tədqiqatçılar, eləcə də praktiki biznes təcrübəsinə malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Nəşrin 2026-cı ilin sonuna qədər çap olunması planlaşdırılır.

Kitabın hazırlanması prosesində iştirak etmək istəyən mütəxəssislər 2026-cı il 1 mart tarixinədək müraciət edə bilərlər.

Ətraflı məlumat:
//ereforms.gov.az/az/publications/42

Sual və müraciətlər üçün əlaqə:

İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri, dosent
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
E-poçt: [email protected]