Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Belçikanın paytaxtı Brüsseldə təşkil olunan beynəlxalq konfransda “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabını təqdim edib. Avropa Asiya Araşdırmaları İnstitutunda (EIAS) keçirilən konfransda 80-dən artıq alim, akademik dairələr, diplomatik nümayəndəliklər, Avropa İttifaqı institutları, media və beyin mərkəzlərinin əməkdaşları iştirak ediblər. Beynəlxalq konfransda Orta Dəhlizin Şərq və Qərb arasında strateji körpü kimi rolu, inteqrasiya olunmuş nəqliyyat və enerji əlaqələrinin inkişafındakı əhəmiyyəti, innovasiya və yaşıl logistika sahəsində imkanları diqqətə çatdırılıb.
Vüsal Qasımlı bildirib ki, “Orta Dəhliz” kitabının yazılması ilə bağlı ideya ilk dəfə 2023-cü ildə Polşa İqtisadi Forumu çərçivəsində irəli sürülüb. İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu ilə tərəfdaşlığı nəticəsində 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika) 22 alim kitabın yazılmasına cəlb edilib. Dərin elmi tədqiqatlar nəticəsində ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı (University Press Târgu Mureş) tərəfindən ingilis dilində çap olunub.
Konfransda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş İdarəsi nəzdində Şərq Qonşuluğu və Türkiyə üzrə Regional Strategiya və İnvestisiya bölməsinin rəhbəri Diana Jablonska, “Transport Management Consultants Surveyors” şirkətinin sahibi və nəqliyyat idarəetməsi üzrə baş məsləhətçi Erik Van De Sande, “Brüssel Enerji Klubu”nun icraçı direktoru və həmtəsisçisi Marat Terterov çıxış edərək Orta Dəhliz” kitabının beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıblar.
İİTKM-in icraçı direktoru konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Orta Dəhlizin rəqabət qabiliyyətinin artması və layihənin real nəticələr verməsi birbaşa olaraq Azərbaycanın həyata keçirdiyi transmilli nəqliyyat və enerji təşəbbüsləri ilə bağlıdır. Orta Dəhliz yalnız tranzit imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb etmir. O, müxtəlif sahələrdə biznesin inkişafı üçün strateji bir platforma rolunu oynayır. Bu dəhliz vasitəsilə yükdaşımaların sürəti və səmərəliliyi artır, logistika xərcləri azalır, regiondakı ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradılır.
Qeyd edək ki, “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı indiyədək 34-cü Polşa İqtisadi Forumunda, Macarıstanın paytaxtı Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində və Yaponiyanın Tokio şəhərində keçirilən Asiya Beyin Mərkəzləri Şəbəkəsinin Forumunda təqdim olunub.







