Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Zəfər Olimpiadası 2025” uğurla başa çatıb.
Finss.az xəbər verir ki, Uniser Group-un tərkibində fəaliyyət göstərən “Uniser Training Center” MMC-nin təşkil etdiyi Olimpiada ölkənin bütün bölgələrindən yüzlərlə müəllimi bir araya gətirib və həm özəl, həm də dövlət məktəblərini əhatə edən genişmiqyaslı bilik və bacarıq yarışına çevrilib.
Tədbirdə layihənin artıq 4-cü dəfə müəllimlərin inkişaf platforması kimi qəbul olunduğu vurğulanıb. Layihənin təsisçisi Emin Xankişiyev Zəfər tariximizin müəllimlərin simasında yaşadılmasının vacibliyini bildirib və müəllimlərin şəxsi inkişafının Azərbaycanın gələcəyi üçün önəmini qeyd edib. Layihə rəhbəri Fidan Elxan isə müəllimlərin bu layihəyə qatılmasını onların özlərinə etdikləri ən böyük investisiya adlandıraraq bütün iştirakçıları qalib elan edib.
Olimpiada üç mərhələdən ibarət olub. Birinci mərhələdə müəllimlər biliklərini onlayn testlərlə yoxlayıb. İkinci mərhələdə Landau Academy ilə birgə “Sinfin idarə olunması” üzrə beynəlxalq təlim keçirilib və iştirakçılar sertifikatla təltif olunub. Üçüncü mərhələdə – canlı finalda isə müəllimlər akademik bilik yarışı və metodika üzrə müsabiqədə öz bacarıqlarını nümayiş etdiriblər. Yüzlərlə müraciət arasından 90 müəllim finala yüksəlib.
Bu il Olimpiadanın əsas tərəfdaşı Qafqazın ən böyük quru limanı hesab olunan Abşeron Logistika Mərkəzi olub. Mərkəzin direktor müavini Əfqan Məmmədov çıxışında layihəyə verdikləri dəstəyin əhəmiyyətini vurğulayıb.
Mükafatlandırma mərasimində bir sıra tanınmış şəxslər çıxış edərək layihənin təhsil mühitində önəmli rol oynadığını qeyd ediblər. Millət vəkili Mehriban Vəliyeva müəllimlərin cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayıb. ASK vitse-prezidenti Vüqar Zeynalov sahibkarların bu kimi təşəbbüslərə dəstəyinin vacibliyini qeyd edib. Professor Hikmət Əlizadə müasir təhsil metodlarının tətbiqinin önəmini, Xalq artisti Vamiq Məmmədəliyev isə ailə adından tədbirin həm elmi, həm də mənəvi dəyərini ifadə edib. Türkiyədən dəvət olunan məruzəçi Sevda Saraçoğlu isə qaliblərin Marmara Kollecində keçiriləcək təcrübə proqramı ilə bağlı məlumat verib.
Olimpiadada 9 fənn üzrə qaliblər mükafatlandırılıb. 1-ci yer sahibləri Türkiyədə tam ödənişsiz müəllim təcrübə mübadilə proqramına, 2-ci yer qalibləri notebooka, 3-cü yer qalibləri isə planşetə layiq görülüb. Həvəsləndirici 7 yer sahibləri smart saat və sertifikat əldə edib. Canlı keçirilən mini-Kahoot müsabiqəsində isə əlavə olaraq 2 müəllim notebook və planşet qazanıb.
“Zəfər Olimpiadası 2025” həm akademik Yusif Məmmədəliyevin irsinə ehtiram, həm müəllimlərin peşəkar inkişafına dəstək, həm də Azərbaycanın gələcək nəsillərinə xidmət edən mühüm layihə kimi təhsil tarixində öz mövqeyini daha da möhkəmləndirib.














