Finss.az - UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il üçün dərc edilən 13-cü cild, 2-ci nömrəsində Nazim Məmmədov tərəfindən hazırlanan “Orta təbəqənin formalaşması amilləri və əhəmiyyəti” adlı elmi məqalə nəşr edilib.
Tədqiqatda orta təbəqənin formalaşması üçün mühüm sayılan sosial-iqtisadi şərtlər ətraflı təhlil olunur. Müəllif bildirir ki, orta təbəqə bir çox ölkələrdə iqtisadi sabitlik, sosial tarazlıq və davamlı inkişafın aparıcı dayağı kimi çıxış edir. Onun nümayəndələri məşğulluğun artırılması, yeni biznes sahələrinin formalaşdırılması, infrastrukturun gücləndirilməsi və resursların səmərəli səfərbər olunması kimi istiqamətlərdə ölkə iqtisadiyyatına mühüm təsir göstərir.
Məqalədə orta təbəqənin qiymətləndirilməsinə dair müxtəlif nəzəri yanaşmalar müqayisə edilir, formalaşmasına təsir edən əsas iqtisadi, sosial və institusional amillərin təsir səviyyəsi müəyyənləşdirilir. Tədqiqat elmi sistemli təhlil və məntiqi ümumiləşdirmə metodları ilə aparılıb.
Müəllif qeyd edir ki, məlumatların məhdudluğu bəzi istiqamətlərdə dərin araşdırma imkanlarını zəifləsə də, əldə olunan nəticələr Azərbaycan hökumətinin sosial-iqtisadi siyasətinin formalaşdırılmasında, həmçinin yerli və xarici tədqiqatçıların araşdırmalarında faydalı ola bilər. Məqalənin elmi yeniliyi orta təbəqənin davamlı inkişafdakı roluna fərqli yanaşmanı və yeni ideyaların tətbiqini təqdim etməsidir.
