UNEC-in “Elmi Xəbərlər” jurnalının 2025-ci il üçün dərc olunan 13-cü cild, 2-ci nömrəsində Əfsanə Cəfərovanın “Azərbaycanın ‘yaşıl enerji’yə keçid siyasətində perspektivlər və çətinliklər” adlı elmi məqaləsi nəşr edilib.
Finss.az xəbər verir ki, tədqiqatda Azərbaycan Respublikasının son illər bərpa olunan enerji mənbələrinə keçid istiqamətində həyata keçirdiyi siyasət, mövcud potensial və qarşıda duran problemlər geniş şəkildə təhlil olunur. Məqalədə vurğulanır ki, qlobal iqlim çağırışları və karbon emissiyalarının azaldılması hədəfi fonunda ölkədə günəş, külək, hidro və bioenerji layihələrinə maraq sürətlə artır.
Müəllif həmçinin qeyd edir ki, yaşıl enerji keçidinin geniş imkanlarla yanaşı bir sıra maneələri də mövcuddur. Bunlara texniki infrastrukturun yetərsizliyi, investisiya risklərinin yüksəkliyi, hüquqi tənzimləmələrin tam oturuşmaması və ictimai maarifləndirmənin zəifliyi daxildir.
Araşdırma Azərbaycanın yaşıl enerji siyasətini beynəlxalq təcrübə ilə müqayisə edir, mövcud problemləri sistemli şəkildə qiymətləndirir və dövlət orqanları, investorlar üçün praktik tövsiyələr təqdim edir. Məqalənin nəticələrinə görə, ölkədə yaşıl enerji sektorunun uğurlu inkişafı üçün kompleks və davamlı islahatların aparılması vacibdir.
