UNEC-in “Scientific Review” jurnalının 2025-ci il aprel–iyun buraxılışında doktorant Elmar Allahverdi tərəfindən hazırlanmış “İcbari sığorta səmərəliliyinin iqtisadi qiymətləndirilməsi” adlı elmi məqalə dərc edilib.
Finss.az xəbər verir ki, məqalə 14 aprel 2025-ci ildə redaksiyaya təqdim olunub və 4 iyun 2025-ci ildə qəbul edilib.
Araşdırmada icbari tibbi sığorta sisteminin ölkə səhiyyəsinə iqtisadi təsiri, resurslardan istifadənin effektivliyi, xidmət keyfiyyətinin yüksəldilməsi və sığorta mexanizmlərinin sosial-iqtisadi sabitlikdə rolu geniş şəkildə təhlil olunub. Müəllif qeyd edir ki, dünya təcrübəsinə əsasən səhiyyə xərclərinin ÜDM-dəki payı ən azı 6% təşkil etməlidir, lakin Azərbaycanda bu göstərici 3–4% civarındadır.
Məqalədə OECD ölkələrinin səhiyyə xərcləri, dövlət və özəl sektorun payı, könüllü və icbari sığorta modellərinin müqayisəsi aparılaraq Azərbaycanın mövqeyi göstərilir. Tədqiqat nəticəsində məlum olur ki, Azərbaycanda ictimai səhiyyə xərclərinin payı 77,8% təşkil edir və bu göstərici OECD orta səviyyəsindən yuxarıdır.
Elmar Allahverdi icbari sığortanın iqtisadi səmərəliliyinin artırılması üçün siyasət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayır. Məqalə həmçinin səhiyyə texnologiyalarının tətbiqi, böyük verilənlərin analizi və resurs bölgüsünün optimallaşdırılmasının sistemin dayanıqlığına təsirini önə çəkir.
Tədqiqat icbari sığorta sisteminin daha effektiv və universal formada fəaliyyət göstərməsi üçün elmi əsaslandırılmış tövsiyələr təqdim edir.
