Finss.az - 24 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjası CFA İnstitutu ilə tərəfdaşlıq çərçivəsində ADA Universitetinin tələbələrinə maliyyə və investisiya sahəsində peşəkar inkişaf üçün yeni imkanları təqdim edib. Bu təşəbbüs çərçivəsində tələbələrə CFA Institute Investment Foundations® Sertifikatı və H.Z. Tağıyev Təqaüd Proqramı təqdim olunub.
Tədbirdə CFA İnstitutunun nümayəndələri tələbələrə qlobal maliyyə sisteminin quruluşu, etik öhdəliklər və investisiya sahəsi barədə əsas bilikləri əhatə edən Investment Foundations® Sertifikatı proqramını təqdim ediblər. Maliyyə, iqtisadiyyat və ya biznes sahəsində karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulan bu proqram, xüsusi təşəbbüs çərçivəsində tələbələrə standart 350 ABŞ dolları əvəzinə cəmi 79 ABŞ dollarına təqdim olunur.
Proqramı uğurla başa vuran tələbələr, Bakı Fond Birjasının təşəbbüsü ilə həyata keçirilən Hacı Zeynalabdin Tağıyev adına Təqaüd Proqramı çərçivəsində tam ödənişli CFA Level I imtahanına müraciət etmək imkanı qazanacaqlar. Təqaüd Proqramı barədə məlumatı BFB-nin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin rəhbəri Səbinə Atayeva təqdim edərək proqramın əsas məqsədlərini diqqətə çatdırıb.
Proqramın H.Z. Tağıyev adını daşıması təsadüfi deyil. Azərbaycanın görkəmli xeyriyyəçisi və maarifpərvəri olan H.Z. Tağıyev öz dövründə təhsil və mədəniyyətin inkişafına xüsusi töhfələr vermişdir. Onun şəxsi vəsaiti hesabına Cənubi Qafqazda ilk qız məktəbi inşa edilmiş və ölkənin maarifləndirici həyatında mühüm dönüş nöqtəsi yaranmışdır. Bundan əlavə, H.Z. Tağıyev Azərbaycanın kapital bazarı tarixində də xüsusi rol oynamışdır. Belə ki, XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin tikintisi və maliyyələşdirilməsi məhz onun təşəbbüsü və kapital bazarı vasitəsilə istiqraz buraxılışı hesabına həyata keçirilmişdir.
Bakı Fond Birjası bu təşəbbüslə H.Z. Tağıyevin irsini yaşatmağı və maliyyə sahəsində yeni nəsil peşəkarların yetişdirilməsini hədəfləyir. H.Z. Tağıyev Təqaüd Proqramı tələbələrin bilik və bacarıqlarının inkişafına, ölkədə CFA dərəcəsini daşıyan peşəkarların sayının artmasına və Azərbaycanın kapital bazarlarının davamlı inkişafına mühüm töhfə verəcəkdir.