Finss.az - Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən panel sessiyada elm və təhsilin, elmi tədqiqatların kənd təsərrüfatı və qida sənayesinin inkişafına verdiyi töhfələr, Azərbaycanda bu sahəyə dövlət dəstəyi mexanizmləri barədə müzakirələr aparılıb.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə “CBC Sport” Televiziyasının əməkdaşı Haya Obeydatın moderatorluğu ilə “Uğur hekayəsi” mövzusunda “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovla səmimi söhbət (fireside chat) keçirilib. Məşqçi öz həyat yolu, liderlik fəlsəfəsi ilə bağlı fikirlərini bölüşüb. Uğurun açarının daha çox çalışmaqda olduğunu bildirib. Futbolun bir biznes kimi inkişafı ilə bağlı sualları cavablandırıb.
Daha sonra forum çərçivəsində “Ali təhsil vasitəsilə kənd təsərrüfatı və qida sənayesinin inkişaf potensialının artırılması” mövzusunda panel sessiya keçirilib. “ANEWS” televziyasının şef redaktoru Qay Şonun moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yerli biznes icmasına öz töhfəsini verəcəyinə inandığını bildirib. Qeyd olunub ki, ölkəmiz kənd təsərrüfatının inkişafı üçün uyğun iqlim və münbit torpağa malikdir. Azərbaycanın qida və tərəvəz ixracı son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə təsərrüfat sahiblərinə dövlət dəstəyi, xüsusilə, azad edilmiş ərazilərdə fermerlərə göstərilən dəstək mexanizmləri ilə bağlı məlumat verilib. Təhsil və tədqiqat kimi sahələrin kənd təsərrüfatının inkişafında mühüm rol oynadığı vurğulanıb.
Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin rəhbəri, OTS Quraqlığın Qarşısının Alınması İnstitutunun rəhbəri Balaş Hendrik dəyər zəncirinin formalaşması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıqların genişləndirilməsinin vacibliyini bildirib. Kənd təsərrüfatı sahəsində pilot layihələrin mütləq şəkildə tədqiqatlara əsaslanmalı olduğu qeyd edilib. Son illər kənd təsərrüfatı sahəsinin inkişafına maneə olan quraqlıq problemi ilə bağlı məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyə Mustafayeva Agentliyin insan, heyvan və bitki sağlamlığının qorunması ilə bağlı fəaliyyəti, qida təhlükəsizliyi proqramlarına əsasən həyata keçirilən tədbirlər və bu sahədə əldə edilən elmi nailiyyətlər barədə məlumat verib.
Panel sessiya çərçivəsində “Carslberg Azerbaijan” müəssisəsinin baş icraçı direktoru Alius Antilis şirkətin fəaliyyəti, müəssisənin Azərbaycanda keçdiyi lokallaşdırma, “Azərşəkər” MMC-nin icraçı direktoru Nəsib İslamzadə öz təcrübəsi, təchizat zəncirinin qurulması, “AgroDairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dayanıqlı ekosistem, əlverişsiz iqlimlə bağlı proqnozlaşdırmanın vacibliyi, Orta Dəhlizin tranzit imkanlarını genişləndirməsi, nəticəyönümlü investisiya dəstəyi ilə bağlı fikirlərini bölüşüblər.
Panel iştirakçıları sudan əlverişli istifadə, texnologiya və təhsilin imkanlarından yararlanaraq kənd təsərrüfatının potensialının artırılması, akademik dairə ilə tərəfdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıblar. Bu sahədə dövlət-özəl sektor əməkdaşlığının önəmi qeyd edilib. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən investorların dəstəkləndiyi qeyd edilib.










