Elm

09 Sentyabr

Maliyyə savadlılığı tələbənin həm şəxsi, həm də peşə həyatında vacibdir – Elmin Nuri

"Ali təhsil müəssisələrinin birinci kursuna daxil olan tələbələr üçün ixtisasından asılı olmayaraq müxtəlif istiqamətlərdə bilgiləndirmə işləri aparılmalıdır. Hər bir tələbə tədris ilinin əvvəlində öz ixtisasından və universitetindən asılı olmayaraq karyera inkişaf paketi və proqramı ilə tanış olmalıdır. Bu paket adətən universitetlərdə fəaliyyət göstərən Karyera İnkişaf Mərkəzi tərəfindən hazırlanır."

Bunu Finss.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, karyera bələdçi paketində tələbələr üçün mütləq təqdim olunmalı mövzulardan biri maliyyə savadlılığıdır:

"Bir çox ixtisaslarda maliyyə savadlılığı semestr müddətli dərs kimi tələb olunmaya bilər, lakin qısaldılmış təlim paketi şəklində tələbələrə müəyyən müddət ərzində praktiki öyrədilməlidir. Həmin paket praktik, faydalı və məzmunlu olmalıdır; əks halda tələbələrin ondan yararlanma səviyyəsi aşağı olar."

Ekspert əlavə edib ki, praktiki meyarların karyera bələdçi paketində yer alması tələbələrin həyata daha dolğun şəkildə hazırlığı baxımından vacibdir:

"Maliyyə savadlılığı tələbə üçün həm fərd, həm də ailə institutunun mühüm göstəricisi olaraq önəmlidir. Maliyyəni əldə etməklə yanaşı, onun düzgün dəyərləndirilməsi də 18 yaşlı tələbə üçün zəruri həyat bilgisi hesab edilməlidir. Universitet ixtisasından asılı olmayaraq, kadr kimi əmək dünyasına və şəxsi həyata hazırlıqda tələbənin qarşılaşacağı ilk vacib məsələlərdən biri məhz maliyyə savadlılığı olacaqdır. Buna görə də bu mövzu Karyera bələdçi paketində əsas yer almalıdır."

Tələbələrin tədrisində digər vacib dərs və təlimlərə də diqqət çəkilib:

"Tələbələr üçün tədrisi vacib olan digər dərs və təlimlər isə bunlardır: layihələrin hazırlanması və düzgün idarə edilməsi, vaxtın idarə olunması, işgüzar inkişaf, effektiv ünsiyyət bacarıqları və s. Tələbə bu paket vasitəsilə gələcək həyatda onu önə çıxaracaq meyarları doğru-düzgün öyrənməlidir."

E. Nuri həmçinin təəssüflə bildirib ki, universitetlər bu sahədə yetərli praktiki işləri həyata keçirməyib:

"Təəssüf ki, indiyə qədər universitetlər bu sahədə praktiki işləri yetərincə həyata keçirməyib."

Ekspertin fikrincə, tələbələrin maliyyə savadlılığı və karyera inkişafına yönəlmiş praktiki təlimlər daha geniş tətbiq olunduqda, gənclərin əmək bazarına və şəxsi həyata adaptasiyası daha uğurlu olacaq.

Fuad Mədətov
Finss.az