Elm

04 İyun

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətə başlamasının 60 ili tamam olur

Finss.az - “Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş “Aqrar elmin müasir problemləri, ətraf mühit və ərzaq təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən elmi tədqiqat institutları, Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu, Aqrar Problemlər İnstitutu, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarları İttifaqı Birliyinin rəhbər şəxsləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Tacikistandan alimlər, akademik fəaliyyətlə məşğul olan mütəxəssislər iştirak edib.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev İnstitutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, mövcud təsərrüfat sahələri, təcrübə stansiyaları, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə görülən işlərlə bağlı ətraflı məlumat verib. İnstitutun 1965-ci ildə ölkədə aqrar sektorun əsas strateji və ixracyönümlü sahəsi olan tərəvəzçiliyin dinamik inkişafını təmin etmək məqsədilə yaradıldığını deyən Elmar Allahverdiyev bildirib ki, hazırda elmi müəssisədə qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.

Daha sonra “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin yaradılmasının 60 illik yubileyinə həsr olunmuş tanıtım çarxı konfrans iştirakçılarına nümayiş olunub.

Tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru  Anar Cəfərov qeyd edib ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yarandığı 60 il ərzində böyük yol keçib və ölkənin ən aparıcı elmi müəssisələrindən birinə çevrilib. Mərkəz direktoru əlavə edib ki, hazırda institutda müasir təsərrüfat şəraitinə uyğunlaşdırılmış tərəvəz bitkilərinin yeni sortları uğurla yaradılıb, biotexnologiyanın müasir nailiyyətlərindən istifadə etməklə onların seleksiyası və toxumçuluğu üsulları təkmilləşdirilib. Vurğulanıb ki, institutun əldə etdiyi elmi nailiyyət nümunələri regionlarda təşkil olunan Aqrar Biznes Festivallarında uğurla sərgilənir və fermerlərin böyük marağına səbəb olur.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova, Əkinçilik Elmi-tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru Vüqar Səlimov, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun direktoru Ələddin Eyvazov, Daşkənd Botanika bağının nəzdində Biotexnologiya Laboratoriyasının müdiri Feruza Mustafina, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarları İttifaqı Birliyinin sədri Fuad Məmmədov 60 illik yubiley münasibətilə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Natiqlər bildiriblər ki, müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi prioritet istiqamətlərdən sayılır. Kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Mütəxəssislər qeyd ediblər ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yüksək məhsuldar tərəvəz, bostan və kartof sortlarının yaradılması, qazanılmış elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması, tərəvəzçiliklə məşğul olan fermerlərə lazımi elmi-metodiki köməklik göstərilməsi, yüksək ixtisaslı kadrların hazırlanması işində mühüm rol oynamaqla aqrar elmin inkişafına sanballı töhfə verir.

Daha sonra tərəvəzçilik elminin inkişafında xüsusi xidmətləri olan alim və mütəxəssislərə Fəxri diplom və təşəkkürnamələr təqdim edilib.

Tədbir iştirakçıları institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.

Konfrans öz işini bitki seleksiyası və toxumçuluğu, müasir becərmə texnologiyalarının tətbiqi, kənd təsərrüfatında genetik biomüxtəliflik, kənd təsərrüfatı bitkilərinin mühafizəsi və ekoloji təmiz məhsul istehsalı, bitkiçilikdə və heyvandarlıqda biotexnologiyaların rolu, son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələri, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirib.

Zemfira Ms
Finss.az