Viroloqlar, ekoloqlar və zooloqlardan ibarət beynəlxalq qrup hepatit E virusunun təkamül mənşəyini üzə çıxarıb.
Finss.az xəbər verir ki, araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Hepatit E virusun yaratdığı kəskin iltihablı qaraciyər xəstəliyidir və əsasən çirklənmiş su vasitəsilə ötürülür. Virusun səkkiz məlum genotipi vardır, lakin yalnız ilk ikisi insanlara yoluxur. Qalan genotiplər heyvanlarda, o cümlədən donuzlarda, dəvələrdə və gəmiricilərdə aşkar edilmişdir ki, bu da xəstəliyin heyvan mənşəli olduğunu göstərir.
Tədqiqatın bir hissəsi olaraq alimlər yarasalar, gəmiricilər və dırnaqlılar da daxil olmaqla məməlilərin genomik məlumat bazalarında virus genlərini axtarıblar. Bundan əlavə, onlar Latın Amerikası, Asiya və Afrikadakı 108 heyvan növündən toplanmış 2565 qaraciyər nümunəsini tədqiq ediblər. Nəticədə 14 növə aid 63 nümunədə hepevirus RNT-si aşkar edilib ki, bu da onun təkamülü ilə bağlı yeni məlumatları müəyyən etməyə imkan verib.
Tədqiqatçılar toplanmış materialın təhlili əsasında yarasalarda, siçanlarda və gəmiricilərdə tapılan 24 unikal hepevirus genomunu müəyyən ediblər. Ən böyük genetik müxtəliflik gəmiricilər arasında müşahidə olunub, bu da virusun yayılmasında və təkamülündə onların əsas rolunu vurğulayır.
Məlumatların təkamül təhlili göstərdi ki, insanlarla əlaqəli hepatit E virusu çox güman, gəmiricilərdə uzaq təkamül kökləri olan dırnaqlı heyvanlarda yaranıb.
Kaira Agayeva
Finss.az