Elm

16 Dekabr

Azərbaycanın əqli mülkiyyət siyasəti təqdim edilib

Dekabrın 16-da Əqli Mülkiyyət Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Regional və Milli İnkişaf Sektorunun Keçid və İnkişaf Etmiş Dövlətlər Departamentinin direktoru Habip Asanla görüş keçirilib.

Finss.az xəbər verir ki, görüşdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycanda əqli mülkiyyət sisteminin nailiyyətləri və qarşısında duran vəzifələr haqqında məlumat verib.

ÜƏMT-nin departament direktoru Habip Asan, Azərbaycan ilə ÜƏMT arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Eyni zamanda, bu əlaqələrin daha da inkişaf etdirilməsi və yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb. Qonaq, Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini və əqli mülkiyyət məsələləri ilə vahid qurumun məşğul olmasını müsbət qiymətləndirib.

Görüşdə Kamran İmanov, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti haqqında təqdimat edib. Təqdimatda Azərbaycanın əqli mülkiyyət idarəetmə sisteminin qarşısında duran vəzifələrin strateji sənədlərdə öz əksini tapdığı, o cümlədən kreativ iqtisadiyyatın dəstəklənməsi və inkişaf etdirilməsi, yaradıcı sahibkarlar və mütəxəssislərlə müasir rəqəmsal texnologiyalar arasında əməkdaşlığın gücləndirilməsi, peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi zərurəti vurğulanıb.

Kamran İmanov bildirib ki, əqli mülkiyyətin ekosistemi qurulacaq və ölkədəki islahatların əqli mülkiyyətlə əlaqəli təsirləri nəzərə alınaraq yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcək.

Görüşdə həmçinin, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə ÜƏMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub.