2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 768,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 901,0 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 4 033,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 faiz artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmayıb.
Belə ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olmuşdur ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Cari ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq 8 119,4 milyon ABŞ dolları təşkil edib.
Bundan başqa gömrük ödənişlərinə cəlb olunan ölkəyə idxal olunan yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən minik avtomobillərinin həm sayında, həm də dəyərində azalmanın əsas səbəbi istehsal buraxılış tarixindən 10 il ötmüş minik avtomobillərinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.
Ölkəyə idxal olunan hibrid və elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayında isə davamlı artım tendensiyası müşahidə olunur. Cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hibrid mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 22,3 faiz, dəyəri isə 66,8 faiz, elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 33,9 faiz, dəyəri isə 32,8 faiz artıb.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz azalaraq 1 596,1 milyon ABŞ dolları təşkil edib. Müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir edib. 2024-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 545,0 milyon ABŞ dolları təşkil edib.
İdxalın həcmində azadolmaların xüsusi çəkisi
Hesabat dövrü ərzində qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3% olmaqla 5 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6% olmaqla 2 714,0 milyon ABŞ dolları təşkil edib.
Gömrük orqanları xətti ilə büdcə daxilolmaları
Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 2024-cü ilin 6 (altı) ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 252,19 milyon manat proqnoza qarşı 3 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin və büdcə öhdəliyi 100,0 faiz icra olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8% təşkil edib.