“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun builki Yol Xəritəsi Dünya Bankının "Business ready "hesabatının maliyyə xidmətləri indikatoru ilə bağlı müvafiq metodologiyasına uyğun olaraq hazırlanıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Rəşad Orucov işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, sənədin hazırlanmasında AMB ilə yanaşı aidiyyəti digər dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştiraka edib.
"Yol Xəritəsi maliyyə infrastrukturunun gücləndirilməsi, bu istiqamətdə tənzimləyici çərçivənin təkmilləşdirilməsi, özəl sektorun məlumatlılıq səviyyəsinin artırılması istiqamətində ümumilikdə 49 tədbir müəyyən edib", - deyə AMB rəsmisi qeyd edib.
"Sənəd qadınların maliyyə sektorunda iştirakının artırılmasını hədəfləyir, eyni zamanda qadınlara yönəlmiş maliyyə və qeyri-maliyyə alətlərinin təşviq edilməsi istiqamətində tədbirlərin icrasını nəzərdə tutur. Yol Xəritəsində maliyyə xidmətlərinin əldə edilməsinin səmərəliliyinin artırılması məqsədilə həm kreditlərin əldə edilməsi, həm də elektron ödənişlərdən istifadə edilməsi üzrə mövcud xərc və vaxt strukturunun təhlil edilməsi üzrə də tədbirlər öz əksini tapıb", - deyə R.Orucov əlavə edib.
Kaira Agayeva
Fins.az