Elm

27 İyun

Türkiyənin ixracatı may ayında 11,4% artıb

İstanbul şirkətlərinin ixracatı may ayında bir əvvəlki aya görə iki milyard dollardan çox artıb.

Fins.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə Türkiyənin ixracatının lokomotivi rolunu oynayan İstanbul may ayında ixracat üzrə böyük sıçrayış edib.

Məlumata görə, Türkiyənin ixracatı may ayında keçən ilin eyni dövrünə görə 11,4% artaraq 24,1 milyard dollara çatıb.

Aprel ayında 6 milyard 642 milyon dollar olan İstanbul şirkətlərinin ixracatı may ayında 2 milyard 130 milyon dollar artaraq 8 milyard 772 milyon dollara çatıb.

İstanbulun xarici satışları may ayında aprel ayı ilə müqayisədə 32,1 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 9 faiz artıb.

Bu dövrdə məhsullarını dünya üzrə 212 nöqtəyə çatdıran İstanbul şirkətlərinin may ayında Türkiyənin ümumi ixracatındakı payı 36,4 faiz olub.

İstanbuldan sonra 1,8 milyard dollarla Kocaeli, 1,6 milyard dollarla Bursa, 1,4 milyard dollarla Ankara və 1,2 milyard dollarla İzmir gəlir.

İstanbulun may ayı ixracatında həmişə olduğu kimi sənaye sektoru birinci olub. Bu dövrdə şəhərdə 1,6 milyard dollarla ən çox ixracatı kimya maddələri və məhsulları sektoru təşkil edib.

Bu sektorun ardınca müvafiq olatraq, 1,1 milyard dollarla hazır geyim, 772,6 milyon dollar avtomobil sənayesi, 768,3 milyon dollarla elektrik və elektronika, 640,1 milyon dollarla polad sektoru, 596,8 milyon dollarla dəmir və digər metallar, 483 milyon dollarla zərgərlik, 360,7 milyon dollarla tekstil və xammal maddələri, 344,6 milyon dollarla maşın və ehtiyat hissələri öz yerini tutur.

Onu da əlavə edək ki, İstanbulda fəaliyyət göstərən şirkətlər may ayında 698,7 milyon dollarlıq ixrac həcmi ilə ən çox Almaniyaya ixracat həyata keçiriblər. Bunun ardınca isə 449,8 milyon dollarla Böyük Britaniya, 421,5 milyon dollarla İtaliya, 417,6 milyon dollarla ABŞ və 401,8 milyon dollarla İspaniya gəlir.