Keçən il Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramı üzrə buraxılış artıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 116 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 52,1 faizi qadın olmaqla 3170 nəfər təhsil alıb. Təhsil alanların 80,8 faizi fəlsəfə, 19,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.
Təhsil alanların 31,9 faizi elmi müəssisə və təşkilatlarda, 68,1 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 28,6 və 71,4 faiz, elmlər doktoru proqramı üzrə isə 45,6 və 54,4 faiz təşkil edib.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 58,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 27,6 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2552 nəfərin 540-ı iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri, 95-i tarix, 92-si hüquq, 86-si aqrar, 73-ü riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55 nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30 nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla 38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15 nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.
2022-ci illə müqayisədə keçən il fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,4 faiz artaraq 613 nəfər, elmlər doktoru proqramı üzrə isə 21,2 faiz artaraq 120 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 687 nəfər, elmlər doktoru proqramı üzrə isə 111 nəfər doktoranturaya qəbul olunub.
Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı 100 nəfəri qadın olmaqla 185 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub.
Fuad Mədətov
Fins.az