Elm

08 Mart

COP29 ölkəmizə əlavə qazanclar, dividendlər gətirəcək - ŞƏRH

COP29 beynəlxalq əhəmiyyətinə görə ölkəmizə əlavə qazanclar, dividendlər gətirəcək.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, bu tədbir çərçivəsində dünyanın tanınmış dövlət və hökumət başçıları, ekologiya və iqlim dəyişikliyi müstəvisində ixtisaslaşan beyin mərkəzlərinin rəhbərləri ölkəmizə təşrif buyuracaq:

"Onları bu sahədə ölkəmizdə aparılan işlərlə tanış etmək imkanımız yaranacaq. COP29 tədbiri qlobal əhəmiyyətə malikdir. Tədbirin həm də böyük siyasi əhəmiyyəti var. Ölkəmiz bu tədbirə ev sahibliyi etməklə dünyadakı qlobal nüfuzunu, reytinqini bir qədər də möhkəmləndirəcək. Mədəniyyət və idman sahəsində keçirdiyimiz çoxsaylı tədbirlər ölkəmiz haqqında çox müsbət bir rəy formalaşdırdı. Ölkəmizdə ekologiya sahəsinə verilən töhfə, "yaşıl iqtisadiyyat", "yaşıl enerji" və bu sahədə görülən işlərlə bağlı atdığımız addımlar onların da diqqət mərkəzində olacaq".

 

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri "yaşıl enerji zonası" elan edib.

"Qarabağ və Şərqi Zəngəzurda alternativ və bərpaolunan enerji sayəsində enerji asılılığının aradan qaldırılması planları həyata keçirilməkdədir. Digər tərəfdən, ölkəmiz külək, günəş enerjisinə sərmayə yatırır. Beynəlxalq sərmayəçilər də bu istiqamətdə ölkəmizlə iş birliyi həyata keçirirlər. Xəzər dənizinin küləyi hesabına elektrik enerjisinin istehsalı və nəqli planları da icra olunur. Bu xüsusda Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan koridoru da müstəsna əhəmiyyətə malikdir.

Bu "yaşıl dəhliz" böyük bir coğrafiyada elektrik enerjisi tədarükü ilə məşğul olacaq. COP29 ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, həm də bizim sülhə, təhlükəsizliyə, beynəlxalq sabitliyə verdiyimiz töhfə kimi də əlamətdar olacaq. Bütün dünya görəcək ki, Azərbaycan ənənəvi neft və qaz ölkəsi olsa da, alternativ enerji sahəsində trendləri müəyyənləşdirir, onlara yön verir", - deyə o qeyd edib.