Elm

15 Fevral

Elmi işlərinizi Beynəlxalq Astronavtika Konqresinə təqdim etmək fürsətini qaçırmayın!

Elm müsabiqəsinə qeydiyyat sona yaxınlaşır
 
Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda elm müsabiqəsində iştirak etmək imkanı qazanmaq üçün az vaxt qalıb.
 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.Az-a verilən məlumata görə, müsabiqə iştirakçılara elmi iş və ya məqalələrini 2-6 oktyabrda Bakı şəhərində təşkil olunacaq kosmik sahənin ən böyük tədbirində ¬– Beynəlxalq Astronavtika Konqresində təqdim etmək fürsətini verir.
 
Məqalə üzrə hazırlanmış xülasənin (abstract) təqdim olunması üçün son tarix 28 fevral 2023-cü ildir. 
 
Müəllif Beynəlxalq Astronavtika Federasiyasının saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradıb aidiyyəti bölmə üzrə məqalənin xülasə hissəsini yükləyə bilər.
 
Müsabiqədə kimlər iştirak edə bilər?
 
Müsabiqədə hər kəs, həmçinin aşağıdakı kateqoriyalardan ən azı birinə uyğun olan müəlliflər iştirak edə bilər:
 
Əyani təhsil alan tələbələr
Gənc mütəxəssislər (35 yaşadək)
Orta ixtisas təhsili və ya ali məktəblərin müəllimləri
Təqaüddə olan alim, professor və müəllimlər
STEAM təhsili sahəsində fəaliyyət göstərənlər 
Elmi işlər aşağıda qeyd olunan meyarlar əsasında qəbul olunur: 
 
Elmi iş ingilis dilində “Microsoft Word” sənədində yazılmalıdır
Hər müəllif bir neçə məqalə təqdim edə bilər
Məqalənin xülasə hissəsi maksimum 400 sözdən ibarət olmalıdır
Məqalə hazırlanarkən bütün müəlliflərin adı qeyd olunmalıdır; məqalə əsas müəllif tərəfindən qeydiyyatdan keçirilməlidir
 
Məqalənin strukturu aşağıdakı hissələrdən ibarət olmalıdır:
 
Başlıqdakı bütün sözlər böyük hərflə yazılmalıdır
Giriş hissə elmi işin məqsədini bildirməlidir
Metodologiya bölməsi elmi işdə istifadə olunan metodları göstərməlidir
Nəticələr və müzakirə hissəsində müəllif(lər) elmi işin yekun nəticələrini göstərməli, izah etməlidirlər; məqalədə cədvəl və ya qrafiklərdən istifadə yolverilməzdir
Yekun hissədə məqaləni bir cümlədən çox olmayan fikirlə ifadə etmək arzuolunandır
 
Müsabiqəyə aşağıdakı sahələr üzrə elmi işlər təqdim etmək olar:
 
Elm və tədqiqat – kosmosun gündəlik həyata təsiri, kosmik tədqiqatlar, kosmik tullantılar və Yerdən kənar tədqiqatlar da daxil olmaqla missiyaları təmin edən kosmik sistem və aparatlar 
Tətbiqlər və əməliyyatlar – Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmik sahədə gördüyü işlər və kiçik peyklər üzrə daxil olmaqla davam edən və gələcək əməliyyat tətbiqləri
Texnologiya – astrodinamika və kosmik sistemlər üçün ümumi texnologiyalar
İnfrastruktur – kosmik sistemin daşınması, gələcək sistemlər və təhlükəsizlik daxil olmaqla, kosmik missiyaları təmin edən sistemlər
Kosmos və cəmiyyət – kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi, o cümlədən təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq sahələrinə təsiri
Kosmik sahədə innovasiyalar
 
 Qeyd edək ki, 2-6 oktyabr tarixində Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində dünyanın aparıcı agentlik və elmi mərkəzlərinin, beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr bir araya gələcəklər.
 
Beynəlxalq Astronavtika Konqresi haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.