Elm

04 Mart

Əsasən 200-300 nəfərlik kənd məktəbləri ilə bağlı problemlər var – NAZİR

"Azərbaycanın bütün bölgələrində əsaslı tikintiyə və təmirə ehtiyacı olan məktəblər var".

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyində həmin məktəblərin siyahısı var: "Bu məktəblər müəyyən meyarlar əsasında kateqoriyalara bölünüblər. Ölkəmizdə 4500-ə yaxın məktəbin 3500-dən bir az artığı tədrisə yararlıdır. Onlar son illər ərzində yenidən tikilib və ya əsaslı təmir olunub. Əsasən 200-300 nəfərlik kənd məktəblərimizlə bağlı problemlər var, onlar modul tipli məktəblərlə əvəz olunur".

Nazir deyib ki, əsasən daha böyük məktəbləri yenidən tikməyə çalışırlar: "Çünki onlarda şagird tutumu çox olur. Hər il bir regionun bütün məktəblərini deyil, hər regionda təmirə ehtiyacı olan bir-iki məktəbi plana uyğun yeniləyirik. Ən acınacaqlı vəziyyətdə olan məktəbdən başlayıb irəliyə doğru gedirik. Problem bir günə, bir ilə həll oluna bilməz. İşlər mərhələli şəkildə aparılır" .